“Dialoqa, dostluğa və əməkdaşlığa hazırıq, lakin bu, konstruktiv rejimdə baş verməlidir, kiminsə bizə barmaq silkələyərək danışması bizim üçün qəbuledilməzdir”.
Aktual.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze iyunun 11-də Avropa İttifaqının viza məsələsi ilə bağlı Gürcüstanla dialoq aparacağı barədə məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, hakimiyyət Gürcüstan xalqının və ölkənin maraqlarına uyğun hərəkət edir.
“Biz dialoqu alqışlayırıq. Lakin biz əhalisi dörd milyondan az olan bir xalqıq. Dünyanın ən yaxşı futbolçuları, ən yaxşı döyüşçüləri, ən yaxşı yaradıcı insanları, müğənniləri, dizaynerləri və yazıçıları gürcülər arasından çıxıb. Dünyada yüzlərlə xalq var, bizdən daha çoxsaylı, daha böyük dövlətlər də mövcuddur, amma onların əksəriyyətini insanlar tanımır. Biz isə dörd milyonluq xalq olaraq tarix boyu öz izimizi qoymuşuq. Bu onu göstərir ki, xalqımızda xüsusi bir cəhət var. Mən demirəm ki, kimsə bizdən yaxşı və ya pisdir. Sadəcə demək istəyirəm ki, bizim fərqli xarakterimiz var. Təəssüf ki, heç bir əcnəbi bunu görməyib ki, gürcülərlə barmaq silkələyərək danışmaq və onlara yuxarıdan baxmaq qəbuledilməzdir.
Biz dəfələrlə bəyan etmişik ki, ölkənin maraqlarından çıxış edirik. Heç kimlə mübarizə aparmırıq, nə Amerika ilə, nə də Avropa ilə. Biz öz ölkəmizi və xalqımızı müdafiə edirik. Siyasətimizin əsas prinsipi vətənin maraqlarının hər şeydən öncə gəlməsidir. Dəfələrlə demişik ki, dialoqa, dostluğa və əməkdaşlığa hazırıq, lakin bu, konstruktiv rejimdə baş verməlidir. Kiminsə bizə barmaq silkələyərək danışması bizim üçün qəbuledilməzdir”, – deyə Kaxala Kaladze qeyd edib.
Onun sözlərinə görə, tənqidlər və tövsiyələr arqumentlərə əsaslanmalı, barmaq silkələməyə yox.
“Məhz buna görə dialoqdan danışırıq ki, tənqidlər və tövsiyələr arqumentlərə əsaslanmalıdır. Hər hansı qanun layihəsi ilə bağlı Avropa İttifaqından tənqid gələndə suallar yaranır: bu, ikili standart deyilmi? Görürük ki, Avropa İttifaqının bəzi ölkələri də oxşar qanunların qəbulunu müzakirə etməyə başlayırlar. Əgər onlar üçün mümkündürsə, niyə bizim üçün mümkün olmasın? Əgər onlar öz ölkələrinin maraqlarını qoruyurlarsa, niyə böyük keçmişi və mədəniyyəti olan bu kiçik ölkə özünü müdafiə etməsin?” – deyə Tbilisi meri söyləyib.
Məlumat üçün qeyd edək ki, “Azadlıq Radiosu”nun Avropa bürosunun rəhbəri Rikard Jozwiak bildirib ki, Avropa İttifaqı gələn həftə, iyunun 11-də Gürcüstanla viza məsələsi üzrə dialoq keçirməyi planlaşdırır.
“Vizasız rejimin mümkün dayandırılmasının müzakirə ediləcəyi mühüm görüş”, – deyə Jozwiak yazıb.
Onun məlumatına görə, Avropa. Komissiyası dekabr ayında vizalarla bağlı illik hesabat təqdim edəcək, yanvarda isə Aİ-yə üzv dövlətlər qərar qəbul etməlidirlər.