"Bütövlükdə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığımızın dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir – bu proseslər sayəsində Gürcüstan öz iqtisadi potensialının reallaşdırılması baxımından xeyli irəli gedəcək".
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tacikistanda Gürcüstan mediasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstan Qara dəniz vasitəsilə 7 ölkəni birləşdirir və buna görə də qərb məkanı ilə ticarət-iqtisadi baxımdan bu potensialdan maksimum dərəcədə istifadə edilməsi vacibdir.
"Bu baxımdan da Tacikistanla əməkdaşlığımızın dərinləşməsi önəmlidir. Həmçinin bilirsiniz ki, bu yaxınlarda Qırğızıstana səfərimiz olub, tezliklə Qazaxıstana səfərimiz gözlənilir, iyul ayında isə Özbəkistan və Türkmənistan prezidentləri Gürcüstana gəlirlər. Müvafiq olaraq, münasibətlərimizdə çox yaxşı dinamika var və bütün bunlar tranzit funksiyamızın inkişafına töhfə verəcək. Bilirsiniz ki, əlaqəliliyin artırılmasına, tranzit funksiyasının gücləndirilməsinə böyük investisiyalar qoyulur. Bununla yanaşı, həm qonşu ölkələrlə münasibətlərin inkişafına böyük önəm verilir – bilirsiniz ki, Azərbaycan, Ermənistan və Türkiyə ilə əla münasibətlərimiz var, həmçinin Mərkəzi Asiya ölkələri ilə də əlaqələri maksimum dərəcədə inkişaf etdiririk. Bu proseslər əsasında Gürcüstan öz iqtisadi potensialının mənimsənilməsi baxımından xeyli irəli gedəcək. Bu, bizim ən başlıca prioritetlərimizdən biridir", – deyə İrakli Kobaxidze bəyan edib.
Onun sözlərinə görə, Tacikistanda müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan 11 fərqli müqavilə imzalanıb. İrakli Kobaxidze qeyd edib ki, Tacikistan Respublikası ilə siyasi əməkdaşlığın qorunub saxlanılması vacibdir, həmçinin "iqtisadi və ticarət əməkdaşlığının inkişafı üçün də perspektivlər mövcuddur".
"Tacikistan Respublikasına səfərimiz başa çatır. Bu, bütün tarix boyu Gürcüstandan Tacikistana reallaşan ilk ali səviyyəli səfərdir, ona görə də bu səfər xüsusi əhəmiyyət daşıyır. Bu uzun tarix ərzində iki ölkə arasında cəmi 3 müqavilə imzalanmışdı. Dünən isə müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan 11 fərqli müqavilə imzaladıq. Bizim üçün Tacikistan Respublikası ilə möhkəm siyasi əməkdaşlığı qoruyub saxlamaq vacibdir. Eyni zamanda iqtisadi, ticarət, eləcə də təhsil və mədəniyyət sahələrində əməkdaşlığımızı inkişaf etdirmək üçün yaxşı perspektivlər var. İmzaladığımız müqavilələr məhz bütün bunları əhatə edir. Tacikistan Prezidenti, Baş naziri və Parlament sədrilə çox yaxşı görüşlərimiz oldu. İstərdim ki, Prezidentə və həmkarlarımızın hər birinə səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirim", – deyə Baş nazir İrakli Kobaxidze vurğulayıb.