Tbilisinin Kurdiani küçəsində baş verən insident nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Aktual.ge-nin məlumatına görə, həyatını itirən şəxs gənc kişidir. İlkin məlumata əsasən, o, yaşayış binasının yeddinci mərtəbəsindən yıxılıb. Yaralanan şəxs isə xəstəxanaya yerləşdirilib.
Hadisənin mərhumun yaşadığı mənzildə baş verdiyi bildirilir. İnsident zamanı evdə bir neçə nəfərin olduğu qeyd olunur. Yerli sakinlər atəş və dava səsləri eşitdiklərini deyiblər.
Hazırda hadisə yerində ekspert-kriminalistlər işləyir. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı qanunsuz silah saxlama və ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd maddələri ilə istintaq başlanıb.
Nazirlik bildirib ki, hadisədə iştirak edən bütün şəxslər müəyyən olunub və hazırda polis bölməsindədirlər.